“İsrail silahının dəstəyini apreldə Qarabağ səmasında gördük”
“Azərbaycan və İsrail müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir”. Bu sözləri Prezident İlham Əliyev dekabrın 13-də Bakıda birgünlük səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.
Dövlət başçısı iki ölkənin əməkdaşlığının nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətə çatdırıb: “İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır”.
Prezident bu müqavilələrin çox böyük hissəsinin artıq həyata keçirildiyini qeyd edib: “Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq”.
Prezident İlham Əliyev əmin olduğunu vurğulayıb ki, İsrail ilə Azərbaycan arasında birbaşa uçuşlar hər iki istiqamətdə turistlərin sayının artmasına kömək edəcək.
Dövlət başçısı iki xalq arasındakı əlaqələrin ikitərəfli əməkdaşlığın mühüm hissəsi olduğunu qeyd edib və məlumat verib ki, Azərbaycanda beşi Bakıda olmaqla 7 sinaqoq, yəhudi məktəbləri var: “Yəhudilərlə azərbaycanlılar arasında əlaqələr hər zaman, tariximizin bütün dövrlərində çox yaxşı olub və yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar. Bu, onların evidir, onlar burada özlərini evlərindəki kimi hiss edirlər və ölkəmizi gücləndirmək üçün çox işlər görürlər”.
Dövlət başçısı qeyd edib ki, bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var, yalnız İsraildə bizim diaspor yəhudi əsilli insanlardan ibarətdir: “Bu da yəhudilərlə azərbaycanlılar arasında olan birliyi nümayiş etdirir”.
İsrailin baş naziri Benyamin Netanyahu isə bəyan edib ki, 19 il əvvəl Bakıya ilk ziyarətini çox yaxşı xatırlayır:
“Gecə yarısı idi, Sizin rəhmətlik atanız gəlib bizi qarşıladı. Bu, böyük dostluğun nişanəsi idi. Bu dostluq bu günə qədər davam və inkişaf edir”.
Baş nazir əməkdaşlıq etmək üçün bir çox sahələrin olduğunu və energetika sahəsində möhkəm əlaqələri vurğulayıb: “Kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və istənilən digər sahədə birlikdə möcüzələr yarada biləcəyimizə inanırıq. Bu cür əməkdaşlığı alqışlayırıq. Çünki düşünürük ki, nəticə etibarilə malik olduğumuz ən böyük resurs budur. Bu, konseptual məhsul resursudur, bütün sənaye istiqamətlərini daha da səmərəli etmək bacarığıdır. Bir misal olaraq süd məhsullarını göstərə bilərəm. Ölkəmizin dünyada ən məhsuldar inəklərə sahib olması ilə öyünürəm. Bizim inəklər Fransa, Hollandiya, hətta Amerika inəklərindən daha məhsuldardır. Bu hal bir çox sahələrdə təkrarlanır. Bu əməkdaşlığı xalqlarımıza daha aydın bir gələcək bəxş etməsi üçün alqışlayırıq”.
Netanyahu qeyd edib ki, əlaqələrimiz mövzusunda nadir olan xüsusiyyət başqa bir şeydir: “İsrail bir yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır. Burada hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir. İllər boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da gücləndirir”,
Netanyahu İsraildə Azərbaycandan olan 70 min yəhudi, “insan körpüsü”nün yaşadığını qeyd edib: “Bundan başqa, dünyaya göstərə biləcəyimiz başqa bir şey var. Dünya çoxlu dözülməzlik, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var. Müsəlman dünyasının bir çox hissəsində, xüsusi olaraq ərəb ölkələrində müşahidə etdiyimiz bir dəyişiklik var. Əgər gələcəyin necə ola biləcəyini görmək istəyirlərsə, Azərbaycana gəlib İsrail ilə Azərbaycan arasındakı dostluq və tərəfdaşlığı görə bilərlər. Bu, sadəcə hər iki ölkə və xalq üçün yaxşı əlaqələrlə bərabər, həm də bütün region və dünya üçün faydalıdır”.
***
Azərbaycan ekspertləri Netanyahunun Azərbaycana səfərinin yekunlarını yüksək qiymətləndirirlər. “Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində “İsrail baş nazirinin Azərbaycana səfərinin nəticələri” mövzusunda keçirilən tədbirdə, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (AİBA) Azərbaycan nümayəndəliyinin rəhbəri Vahid Bayramov belə bildirib ki, Netanyahunun Azərbaycana səfəri bütün istiqamətlərdə mühüm idi: “Son illər ərzində bizim ölkələrin ticarət dövriyyəsi 4 milyard 850 milyon dollar təşkil edib. Azərbaycan İsrail üçün siyasi baxımdan da çox vacibdir”.
Onun sözlərinə görə, Azərbaycan tolerantlığın tam müşahidə olunduğu yeganə müsəlman ölkəsidir: “Bizdə yəhudilər, xristianlar və müsəlmanlar arasında heç bir problem yoxdur. Tarixdən də məlumdur ki, 1856-cı ildə Rusiyadan yəhudilər qovulanda onların çoxu Azərbaycana gəldi. Dağ yəhudiləri isə burada əsrlərlə yaşayırlar. Azərbaycan əhalisinin yəhudi əhaliyə qarşı münasibəti həmişə yaxşı olub”.
“Baku Network” Ekspert Şurasının sədri Elxan Ələsgərov qeyd edib ki, Azərbaycanla İsrailin münasibətləri siyasi, iqtisadi və hərbi sahələri əhatə edir: “Azərbaycanın atdığı addımlara İsrail dəstək verir. 2015-ci ildə İsrail prezidenti Xolokosta aid məruzəsində Xocalıya aid də bəyanat vermişdi. Bu, nadir bir dövlətdir ki, Azərbaycan xalqının həssas olduğu məsələlərə çox həssas yanaşır. İsrailin Azərbaycana hər sahədə göstərdiyi kömək aprel ayında özünü daha aydın göstərdi. Aprelin əvvəlində biz bu dəstəyi Qarabağ səmasında gördük. Bu, əslində dünyaya bir mesaj idi ki, hər iki dövlətin, xalqın münasibətləri gələcəkdə də inkişaf edəcək, iki xalqın xeyrinə olacaq. Düşünürəm ki, bu iki ölkə əməkdaşlığa məhkumdur. Bu səfərdən sonra isə əməkdaşlıq daha yüksək səviyyədə inkişaf edəcək”.
Politoloq Arzu Nağıyev də hesab edir ki, İsrail baş nazirinin Azərbaycana gəlişi müsbət hal kimi qiymətləndirilməlidir: “Son vaxtlar İsraillə Azərbaycan arasında münasibətlər müsbət məcrada inkişaf edir. Bildiyiniz kimi, əsas məqamlardan biri də hərbi məsələlərdir. İqtisadi və digər istiqamətlərdə də əməkdaşlıq davam edir. İsraillə Azərbaycan arasında silah-sursat müqaviləsi beş milyarda qədərdir. Aprel döyüşlərində də İsrail silahlarından istifadə olunub. Həm İsrail silahlarının reklamı getdi, həm də gücümüzü ermənilər gördülər.
Ölkəmizdə yəhudi icmasının təşkil etdiyi məktəbdə dünən ivrit və Azərbaycan dilində mahnıların səsləndirilməsi ölkəmizin toleratlığını və multikultural dəyərlərini bir daha dünyaya göstərdi. Bu məqamdan İsrail də məmnundur. Eyni zamanda, son vaxtlar Azərbaycanın bir sıra dövlətlər arasında baş verən konfliktlərdə barışdırıcı rol oynaması İsrail-Fələstin qarşıdurmasının aradan qaldırılmasında da mühüm rol oynaya dilər. Yəni, İsrail-Azərbaycan münasibətləri çox doğru və müsbət istiqamətdə inkişaf edir. Bu münasibətlər təkcə Azərbaycana deyil, bütün regiona təsir edir”.
Politoloq əlavə edib ki, bu gedişat kiməsə müsbət, kiməsə mənfi təsir edə bilər: “Misal üçün, İran fikirləşir ki, şiə yönümlü Azərbaycan niyə İsraillə bu qədər yaxınlıq edir? Ölkəmizin öz siyasəti var. Konkret siyasətimizi aparırıq. İsrail baş nazirinin Azərbaycana səfəri erməniləri də ciddi narahat edir. Onlar öz KİV-lərinə tapşırıq veriblər ki, dünyada yaşayan yəhudilər arasında təbliğat aparsınlar, onların fikirlərini Azərbaycana qarşı yönəltsinlər. Yəni bu münasibətləri gözü götürməyən qüvvələr çoxdur”.
Rusiyalı ekspert Pavel Klaçkov isə İsrailin tək Azərbaycan üçün deyil, Rusiya üçün də yetərincə perspektivli tərəfdaş olduğunu bildirib. Onun sözlərinə görə, təkcə son ildə Netanyahu 4 dəfə Rusiyada səfərdə olub: “İsrail Amerikaya çox yaxın olsa belə, o, Rusiyaya qarşı sanksiyaları dəstəkləmədi. Əlbəttə ki, bu, bizim münasibətlərə müsbət təsir etdi və onların inkişafına şərait yaratdı”.
Ekspertin fikrincə, Azərbaycan beynəlxalq siyasətdə də mühüm rol oynamağa başlayıb: “Biz bunu Rusiya-Türkiyə münasibətlərinin bərpasında gördük. Bu əlaqələri düzəltmək asan iş deyildi”.
A.Xəlil