“Cənub qaz dəhlizi layihəsi hələlik Rusiyaya birbaşa zərbə vurmur”.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Pavel Klaçkov söyləyib.
O, ABŞ-ın Rusiya və Azərbaycan münasibətlərinin kəskinləşməsində maraqlı olduğunu bildirib:
“Mənim fikrimcə, Avropa Birliyi Cənub qaz dəhlizinin tikintisinin sürətləndirilməsi prosesinə aktiv şəkildə qoşulub. Bu, müvəqqəti düşünülmüş bir şey deyil. Əksinə, artıq Qərb tərəfindən çoxdan planlaşdırılmış strategiyanın reallaşdırılması üçün əlavə stimullar yaranıb. Təbii ki, planlar möhtəşəmdir. Əslində, Xəzər dənizinin yataqlarındakı qazın Avropaya daşınmasında əlavə Türkmənistan, Qazaxıstan, İraq və İranın da buraya cəlb edilməsi imkanları haqqında ucadan danışılır. Sözsüz ki, Rusiya və Azərbaycanın Cənub qaz dəhlizi məsələsində aralarının dəyməsi də ABŞ-ın maraqlarındadır. Bu məsələdə manipluyasiya üçün böyük imkan yaranır. Həmçinin NATO qaz kəmərinin təhlükəsizliyinin təmin edilməsinə söz verib. Hələlik bu layihə Rusiyaya birbaşa zərbə vurmur. Onun gələcəyi ilə bağlı qeyri-müəyyənliklər hələ də çoxdur. Burada Avropada iqtisadiyyatının dekarbonizasiyası tendensiyasını nəzərə almaq lazımdır. Üstəlik, hələlik bu layihəsi çərçivəsində Azərbaycan qazının həcmi o qədər də böyük olmayacaq. Amma istənilən halda Rusiya risk hiss edir. Dünya enerji siyasətində artıq yeni nizamlanma prosesi peyda olur. Bunun nəticəsində isə Türkiyənin rolu artır”.